Bloq yazıları

Ən kobud veb dizayn xətaları

İstifadəçilərin veb saytınızda vaxt keçirməkdən zövq almasını istəyirsinizsə, veb dizaynınızda etməməli olduğunuz bəzi nüanslar mövcuddur.

Əgər veb saytınızın dizaynı istifadəçinin ürəyincə olmasa, tez bir zamanda sizin saytınızı tərk edəcək və siz müştəri itirəcəksiniz. Bu yazımızda veb dizayn zamanı diqqət etməli olduğunuz 8 xəta haqqında danışacağıq.

1. Çox parlaq rənglər
Parlaq rənglər gözlərə zərər verir. Həmçinin bir-biri ilə təzad təşkil edən rənglər sayt ziyarətçisinin səhifəni qısa zamanda tərk etməsi ilə nəticələnir.

Veb saytınızın dizaynını hazırlayarkən bir-birini tamamlayan rənglər seçməyə çalışın. Məsələn, sarı rəng əsas rəng kimi nadir hallarda uğurlu olur. Sarı rəngi əsasən hər hansı bir detalı vurğulamaq üçün istifadə etmək məqsədəuyğundur. Göy qurşağının bütün rənglərini istifadə etmək, elə də yaxşı fikir deyil.

2. Həddən artıq qrafik
Veb səhifənizdə həddən artıq qrafik istifadə etsəniz, iki fərqli problem meydana çıxacaqdır.
İlk olaraq, səhifə o qədər qarışıq olacaq ki, ziyarətçilər haraya klikləyəcəklərini və ya ilk olaraq hara daxil olacaqlarını bilməyəcəklər.

İkincisi isə, istifadəçinin interneti zəifdirsə, səhifənin yüklənmə müddəti uzanacaqdır. 30 saniyə ərzində çox insan sizin saytınızı tərk edəcək və başqa alternativlər axtarışına çıxacaq. İnternet erasında hər saniyənin öz hökmü var. İlk bir neçə saniyə ərzində müştərinin diqqətini çəkə bilməsəniz, onu tamamilə itirəcəksiniz.

3. Yavaş yüklənmə müddəti
Flash, optimizasiya olunmamış şəkil, yüksək keyfiyyətli qrafik istifadə olunmuş saytların yüklənmə müddəti uzun olur. Bu isə müştərilərin heç səhifəyə baxa bilmədən itirilməsi deməkdir.

Hətta, 2016-cı ildən etibarən Google axtarış nəticələrində yüklənmə sürətini ən vacib amillərdən biri kimi qəbul etməyə başlayıb. Yəni sizin veb saytınız nə qədər sürətli yüklənirsə, axtarış nəticələrində də bir o qədər yuxarı cərgələrdə yer alacaq.

4. Həddən çox reklam
Bəzi veb saytlar məhsul satmaq əvəzinə reklamdan qazanır. Lakin bəzi veb sayt sahibləri daha çox pul qazanmaq üçün saytda həddən artıq reklam yerləşdirir. Bu isə əks effekt verə bilər. Çünki reklam çox olduqda ziyarətçi saytın əsas kontenti ilə reklam arasındakı fərqi anlamır. Nəticədə hara daxil olacağını bilmədiyi üçün saytı tərk edir.
Ən ideal variant səhifədə bir və ya iki reklam yerləşdirməkdir.

5. Qeyri-peşəkar şəkillər
Gözəgəlimlilik baxımından bir veb saytı ən cəlbedici edən şəkillərdir. Qeyri-peşəkar dizayn olunmuş, ölçüləri bir-birinə uyğun gəlməyən və ya keyfiyyətsiz şəkillər istifadə olunmuş saytlar müştərinizdə sizin şirkətiniz haqda mənfi fikir yaradacaq. Əgər təqdim etdiyiniz xidmət və ya məhsula uyğun şəkilləriniz yoxdursa, stok saytlar bu məsələdə yardımçınız ola bilər.

6. Çox sadə dizayn
Veb saytınıza daxil olduqda Microsoft Word açmış kimi təəssürat yaranırsa, ziyarətçilərdə pula qənaət etmiş təəssüratı yaradacaqsınız. Sadə dizaynın da təbii ki, öz gözəllikləri var. Lakin nəzərə alsaq ki, veb saytınız sizin şirkətinizin vebdəki simasıdır, onu çox sadə etmək sizin xidmət və ya məhsullarınız haqda da bəsit fikir yarada bilər.

7. Yanlış yönləndirmə
Veb saytınız vizual olaraq əla dizayn olunmuş ola bilər. Lakin əgər saytı ziyarət edən şəxs istədiyi digər səhifələrə necə keçid edəcəyini tapa bilmirsə, deməli sizin dizaynınızda yönləndirmə problemi var.

Əsasən bu problem kiçik veb səhifə kimi dizayn olunub, sonradan böyüyən saytlarda olur. Yeni səhifələr əlavə olunduqca naviqasiya problemi ortaya çıxır. İstifadəçilərin istədiklərini rahat tapmasını təmin etmək üçün veb saytın kateqoriya və alt kateqoriyaları düzgün qurulmalıdır. Axtarış bölməsi də bu məsələdə ziyarətçilərə yardımçı ola bilər.

8. Mətn problemləri
Tünd arxa fon rəngi istifadəsi saytdakı mətnləri oxunmaz hala gətirir. Əgər istifadəçi saytınızdakı yazını oxuduqdan sonra gözləri ağrıyacaqsa, o digər səhifəyə keçid etməyəcək.

Həmçinin mətndə orfoqrafik səhvlərin olması da yolverilməz xətadır. Bu cür səhvlər sizin şirkətiniz haqda mənfi rəy formalaşdıra bilər. Bir-birinin üzərinə çıxan yazılar, başlıq və əsas mətnin fərqləndirilməməsi kimi məsələlər də bu kateqoriyaya aiddir.

Genity komandası təcrübəli veb dizaynerlərdən təşkil olunmuşdur. Sizin üçün hazırladığımız texnoloji həlləri, e-ticarət texnologiyaları, mobil və veb tətbiqlə ən son dizayn trendləri nəzərə alınaraq, sizin şirkətin stilistikasına istinad edilərək dizayn edilir. Peşəkar komandamızla istənilən mürəkkəb tapşırığın öhdəsindən gəlməyə hazırıq.